Sosial şəbəkədə yayılmış məlumatın yerində araşdırılması məqsədilə Kürdəmir rayonunun Xırdapay kəndində fəaliyyət göstərən, fiziki şəxs İskəndərov Habil Arif oğluna məxsus “Şəki” restoranında plandankənar yoxlama keçirilib. Bu barədə 4 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Həmçinin üzərində etiket məlumatları qeyd olunmayan dovğa və qatıq məhsulları aşkarlanıb.
Faktla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, restoranın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.