Şirvan Apellyasiya Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun cəzası 8 il 6 aydan 6 ilə endirilib. Bu haqda avqustun 2-də Trend məlumat yayıb.
Onunla birgə tutulan sabiq icra başçısının birinci müavini T. Novruzov və şöbə müdiri N. Kərimovun cəzası 8 il 6 aydan 5 il 10 aya, rayon Mərkəzi Xəstəxanasının direktoru E. Novruzov, həmin xəstəxananın baş həkimi M. Musayev, rayon Təhsil Şöbəsinin müdiri M. Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi R. Hüseynovun cəzaları 8 il 3 aydan 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi E. Sadıqovun cəzası isə 4 ildən 2 ilə endirilib.
Kürdəmir Mənzil İstismar Sahəsinin rəisi S. Məmmədov isə azadlığa buraxılıb. Onun 2 il həbs müddəti yetərli hesab edilərək, cəzası 500 manat cərimə ilə əvəz edilib.
Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar.
Onlar “vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda”, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma”, “rüşvət alma təkrar törədildikdə”, “mənimsəmə külli miqdarda törədildikdə”, “vəzifə saxtakarlığı” maddələri ilə ittiham olunublar.
Həmçinin Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı C. Cəfərov, İH başçısının birinci müavini T. Novruzov və şöbə müdiri N. Kərimovun əmlakları üzərinə qoyulan həbs götürülüb.