TÖVSİYƏ XƏBƏRLƏR

Lüksemburq – Azərbaycan oyunu üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Lüksemburq – Azərbaycan futbol matçında mümkün erməni təxribatının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Bu haqda Lüksemburq Futbol Federasiyasının beynəlxalq matçlar üzrə meneceri Erni Deker avqustun 31-də deyib.

Onun sözlərinə görə, Lüksemburq stadionunda 100 mühafizəçi fəaliyyət göstərəcək, polislər isə kənarda asayişi qoruyacaq.

“Ümid edirik ki, 2019-cu ildə “Qarabağ” və “Dudelanj” arasında Avropa Liqasının qrup matçı zamanı baş verən insident təkrarlanmayacaq”, – deyə Erni Deker əlavə edib.

Qarşılaşma sentyabrın 1-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ” – “Dudelanj” oyununda stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra Ağdam komandasının futbolçularının tələbi ilə matç dayandırılıb. Lüksemburqun idman naziri Azərbaycan komandasından üzr istədiyindən sonra oyun davam etdirilib.