Taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini K.Zərbiyevin sərnişin kimi rayona gətirdiyi naməlum şəxs oteldə onun diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 1710 manat olan 2 ədəd telefonunu oğurlayıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 13 fevral tarixində xəbər verir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ə. Əliyev 3 ay sonra müəyyən edilərək saxlanılıb .
Məlum olub ki, paytaxtdan taksi ilə Lənkərana gələn Ə.Əliyev rayona çatdıqdan sonra sürücünün mobil telefonlarını oğurlayaraq oradan uzaqlaşıb. Daha sonra həmin şəxsin rayon ərazisindəki digər oğurluqlarının da üstü açılıb.
Belə ki, Ə.Əliyevin Lənkəran rayonu ərazisində yerləşən 3 yaşayış evindən ümumilikdə 10 min 330 manat dəyərində pul və qızıl zinət-əşyaları oğurladığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin Bakı şəhəri ərazisində də çoxsaylı oğurluqlar etdiyi məlum olub. Ə.Əliyevin analoji əməllərindən digər zərərçəkənlər varsa, polisə müraciət etmələri xahiş olunur.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə daha bir oğurluğun üstü açılıb. Belə ki, ötən ilin noyabr ayında rayon ərazisindəki evlərdən birindən 15000 manat pul oğurlayan Zaur Əliyev müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.