Lerik rayonunda sürüşmə zonalarında aktivləşmə yaranıb. Bu barədə Report 6 iyun tarixində xəbər verib.
Aktivləşmə daha çox rayonun Hamarmeşə kəndi ərazisində müşahidə olunur.
Son vaxtlar intensiv yağışlar səbəbindən kəndin yuxarı məhəlləsindəki sürüşmə zonasında 3 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.
Bununla yanaşı, kəndin yuxarı məhəlləsində 120 şagird yerlik məktəb binası da aktivləşmənin yarandığı ərazidə yerləşir.
Sakinlər bildiriblər ki, torpaq qatı evlərin divarına dirənib və əsas divarlarda dərin çatlar əmələ gəlib.
Sözügedən ərazidə sürüşmə ötən il də qeydə alınıb. Yerli bələdiyyənin daxili imkanları hesabına 30 metr məsafədə istinad divarı inşa edilsə də, sürüşən torpaq qatı istinad divarını da yerindən qoparıb.