Bir il əvvəl, 2020-ci ilin oktyabrın 12-də İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibə verib: “Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir. Ermənistan məğlubiyyətə uğrayır və öz heyfini mülki şəxslərdən çıxmaq istəyir”.
“Biz qüvvəyə minmiş atəşkəsə riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, biz səssiz qala bilməzdik. Lakin biz cavabı döyüş meydanında veririk”, – deyə Prezident əlavə edib.
Prezidentin Twitter hesabındakı paylaşımı:
Biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik. O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar.
— İlham Əliyev (@azpresident) October 12, 2020
Həmin tarixdə Almaniyanın “Bild” nəşrində Gəncəyə raket hücumu ilə bağlı məqalə dərc olunmuşdur: “Səhər faciənin bütün mənzərəsi ortaya çıxdı. Partlayış nəticəsində 9 mülki şəxs öldü və çoxlu sayda uşaq da daxil olmaqla, onlarla insan yaralandı”.
Baş Prokurorluğun məlumatına görə, 12 oktyabr 2020-ci ilədək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 41 mülki şəxs həlak olmuşdur, 207 nəfər isə yaralanmışdır.