TÖVSİYƏ XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz

Ötən ilin bu günü, oktyabr ayının 9-da Hadrut qəsəbəsi və 8 kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bu məlumatı Prezident İlham Əliyev xalqa müraciətdə söyləyib.

Öz çıxışında ölkə başçısı Azərbaycan əsgər və zabitinin yüksək psixoloji ruh nümayiş etdirdiyini bildirib: “Biz öz torpaqlarımızı azad edirik. Bu gün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanır. Bu gün ermənilərin səngərində Azərbaycan əsgəri keşik çəkir. Budur Azərbaycanın üstünlüyü”.

“Status-kvo yoxdur. Təmas xətti – yoxdur, yarmışıq onu. Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik”, – status-kvonu şərh edərkən Prezident bildirib.

“Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpağımızı istəyirik”, – Prezident vurğulayıb.

Həmin gün ölkə başçısı “CNN International”“SKY News” televiziya kanallarına müsahibə verib. Öz müsahibəsində dövlət rəhbəri Dağlıq Qarabağ barədə suala cavab verib: “Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Çünki bu, bizim qədim torpağımızdır”.

“Mən Ermənistanla Azərbaycan arasında olan danışıqların formatını qəbul edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, təkcə mənim tərəfimdən deyil, Minsk qrupu tərəfindən də qəbuledilməzdir”, – deyə Prezident “SKY News” müxbirinin qarşıdurmanın danışıqlar masasında həll olunmaması ilə bağlı sualına cavab verərkən bildirib.

9 oktyabrda, həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycana dəstək bəyanatı yaymışdır.

Eyni gündə Müdafiə Nazirliyi işğaldan azad olunan Suqovuşanın videogörüntüsünü paylaşmışdır.