Rusiya və Ukrayna arasında yaranan vəziyyət nəticəsində qonşu dövlətin vətəndaşları əllərindəki kapitalı digər ölkələrin mənzil bazarlarına yatırmağa çalışır. Onlar, əsasən, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin bazarına maraq göstərirlər. Bəs ruslar Azərbaycanda olan mənzillərə və evlərə maraq göstərirlərmi? Ümumiyyətlə, ölkəmizin əmlak bazarı investisiyalar üçün nə dərəcədə cəlbedicidir? Məsələ ilə bağlı aprelin 4-də ekspert Elnur Fərzəliyev Reporta danışıb.
“Rusiya vətəndaşlarının ölkəmizdən kütləvi şəkildə əmlak alması müşahidə edilmir. Əksinə, qonşu ölkənin iqtisadiyyatı çökdüyü üçün orada yaşayan imkanlı soydaşlarımız Azərbaycandakı əmlaklarını real dəyərindən aşağı qiymətə satışa çıxarıb”, – deyə ekspert bildirib.
Elnur Fərzəliyev hesab edir ki, əslində ruslar investisiya qoyuluşu üçün digər ölkələrdən əvvəl Azərbaycana üz tutmalı idilər. O, bunu ölkəmizdə bir çox insanın rus dilini bilməsi, rus dilində tədris olan orta və ali məktəblərin olması ilə əsaslandırır.
“Amma ruslar Türkiyəyə üz tutur. Çünki orada əmlak bazarı xeyli inkişaf edib. Türklər nəinki öz ölkələrində, bütün dünyada əmlaklarını reklam edir və müştəri qazanırlar”, – əmlak eksperti qeyd edib.
Azərbaycan qanunvericiliyinə əsasən, xarici vətəndaşın ölkədə yaşamaq icazəsi alması üçün yerli banklardan birində azı 100 min manat pulu olmalıdır. Yaxud burada aldığı evin qiyməti azı 100 min manat təşkil etməlidir. Eyni zamanda, xarici vətəndaşlar üçün alqı-satqının dövlət rüsumu ölkə vətəndaşlarından 3 dəfə çoxdur. Bundan əlavə, xarici vətəndaşlar mənzil sahibi olmaq üçün Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşama icazəsi almalıdırlar.
E.Fərzəliyev hesab edir ki, vəziyyəti dəyişmək üçün Azərbaycanın əmlak bazarına yatırım etmək istəyənlərin qarşısında duran bütün sadalanan əngəllər qaldırılmalıdır.