“Hazırda məscidlərdə pandemiya qaydalarına ciddi şəkildə riayət olunur. Cümə namazlarında 50 nəfər iştirak edir və namaz zamanı məsafə qorunur”. Bunu sentyabrın 3-də “Trend”-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli deyib.
Ş.Həsənli bildirib ki, məscidlərə gələn hər bir insan tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə edir. İnsanlar məscidlərə daxil olarkən COVID-pasportları yoxlanılır, bədən hərarəti ölçülür. Bu qaydalara riayət olunmasına məscidlərin icmaları tərəfindən nəzarət edilir.
Hazırda məscidlərdə Məhərrəm ayı ilə bağlı heç bir geniş mərasim keçirilmir. Sadəcə olaraq cümə namazları olur və orada da məhdud sayda insan iştirak edir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 10-dan etibarən məscidlərdə namaz qılınmasına icazə verilib.