“Bu il Məhərrəm ayı iyulun 19-na təsadüf edəcək”. Bunu Qafqaz Müsəlmanları İdarəsi(QMİ) sədrinin müavini Fuad Nurullayev bildirib.
Bu barədə 1 may tarixində Baku ES məlumat verib.
Fuad Nurullayev bildirib ki, bu il Məhərrəm ayı iyulun 19-na təsadüf edəcək: “Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi olaraq, Şamaxı Rəsədxanasına sorğu göndərmişik. Bizə təqdim olunan cədvələ əsasən, bu il Məhərrəm ayının ilk günü iyulun 19-na, Aşura günü isə iyulun 28-nə təsadüf etməlidir. Bununla bağlı olaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq”.
Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra başlayan Səfər ayı sentyabrın 16-da bitəcək: “Həm Məhərrəm, həm də Səfər aylarında elimizin adətinə görə, Peyğəmbər, onun ailəsinə ehtiram və hörmət olaraq, imam Hüseynin şəhadətinə dəyər verərək, biz toylarımızı təxirə salırıq. Əgər Məhərrəm ayı 19 iyulda daxil olursa, Səfər ayı sentyabrın 16-da bitəcək”.