TÖVSİYƏ XƏBƏRLƏR

Meksika televiziyasında Şuşa haqqında reportaj efirə gedib

Meksikanın “Canal Once” dövlət televiziyasında meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan aldığı müsahibə efirə gedib. Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi sentyabrın 3-də məlumat verib.

Müsahibədə səfir əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşanın Azərbaycan üçün əhəmiyyətindən bəhs edib.

Süjetdə işğaldan azad edilmiş ərazilərimizdə gedən bərpa işlərindən də danışılıb.

Məmməd Talıbov müsahibədə məcburi köçkünlərin öz yurdlarına qayıtmasının Azərbaycan üçün ən vacib məqsədlərdən biri olduğunu qeyd edib.

Sonra azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi minalanması və Azərbaycan tərəfindən həmin torpaqların təmizlənməsi istiqamətində işlərdən danışılıb.

Əlavə olaraq müxbir fransız yazıçı Aleksandr Dümanı şahmatda məğlub edən Azərbaycan şairəsi Xurşidbanu Natəvan barəsində sual verib. Səfir şairənin sonuncu Qarabağ xanının qızı olduğunu və onun sarayının da bir çox mədəni abidələr kimi ermənilər tərəfindən məhv edildiyini söyləyib.