TÖVSİYƏ XƏBƏRLƏR

Metropolitenin 28-ci stansiyasında sərnişin platforması inşa olunub

Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında daha bir səviyyədə qazıntı işləri tamamlanıb. Bu barədə 26 oktyabr tarixində APA məlumat verib.

Metropolitenin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

İnşaat kompleksinin ümumi uzunluğu 167,7 metr olan “B-04” stansiyası 4 səviyyədən ibarətdir.

Stansiyanın bütün səviyyələrini əhatə edən xidməti pilləkən tam inşa edilib. Sərnişinlərin istifadə edəcəyi pilləkənlər qismən, qəza-çıxış pilləkənləri isə hazırda müvafiq konstruksiyaları yığılmaqla mərhələli şəkildə inşa olunur. Birinci səviyyədə xidməti otaqların və müvafiq arakəsmələrin tikilməsi, habelə eskalatorların quraşdırılacağı yerlərin qurulması növbəti mərhələdə yerinə yetiriləcək.

Qeyd edək ki, stansiyada quraşdırılacaq 4 ventilyatorun Rusiyadan, 17 eskalatorun isə Almaniyadan gətirilməsi prosesi yekunlaşdırılıb. Daha iki eskalator əvvəlki dövrdə paytaxta gətirilmişdi. İlin sonuna qədər 3 liftin də Bakı metropoliteninə çatdırılması gözlənilir. Beləliklə, stansiya quraşdırma və təchizat işlərinə də hazır vəziyyətə gətirilir.