TÖVSİYƏ XƏBƏRLƏR

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 12 il ötür

Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

O, 2005-ci ildə orta təhsilini Əliabad kəndində başa vurduqdan sonra, hərbi xidmətə yollanıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edən İbrahimov 2007-ci ildə çavuş rütbəsində hərbi xidməti başa vurub. O, 2009-cu ildə yenidən öz istəyi ilə cəbhə bölgəsində hərbi hissələrdən birində gizir rütbəsində xidmət göstərməyə başlayıb.

18 iyun 2010-cu ildə saat 23:30 radələrində Mübariz İbrahimov “Şəhid olsam, üzülməyin. Vətən sağ olsun” yazılı bir məktub qoyur və heç kimə xəbər vermədən təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. O, Ermənistanın çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir, sonra isə düşmənin öz silahlarını istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.

Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub. O, Bakının İkinci Şəhidlər xiyabanında dəfn edilib.

O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı və “ilin adamı” adlarına layiq görülüb. Biləsuvar şəhərində lisey-məktəb kompleksi, Biləsuvarda və Sumqayıtda küçələrdən biri şəhidin adını daşıyır. 2010-cu ildə qəhrəmanmıza həsr edilən “Müqəddəs zirvə” adlı film çəkilmişdir.

Qeyd edək ki, bu gün hərbi qulluqçular şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Mərasimdə, həmçinin həlak olan bütün hərbçilərimizin xatirələri sükutla yad edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx