TÖVSİYƏ XƏBƏRLƏR

MTİ-yə qəbul olan azərbaycanlı qız: “Həvəsdən düşməyin, sona qədər gedin”

“Hamıya demək istəyirəm ki, həvəsdən düşməsinlər, sona qədər getsinlər”. Bunu dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MTİ) tam təqaüdlə riyaziyyat fənni üzrə bakalavr səviyyəsinə qəbul olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva deyib.

Bu barədə 13 aprel tarixində Oxu.az məlumat verib.

O, Azərbaycan tarixində MTİ-yə daxil olan iki qızdan biridir. Azərbaycanın riyaziyyat tarixində qızlar arasında ilk qızıl medalın da sahibi odur.

Olimpiadalarda uğurları ilə seçilən Fidan indiyədək Respublika fənn olimpiadasından 3 qızıl, 2 gümüş, beynəlxalq olimpiadalarda 3 qızıl, 6 gümüş, 8 bürünc medal qazanıb.

“Ötən ilin dekabr ayında MTİ-yə qəbul üçün portalda qeydiyyatdan keçib, sənədlərimi göndərmişdim. Martın 15-i cavablar çıxanda çox həyəcanlı idim, ailəmlə birlikdə səbirsizliklə gözləyirdik. Adımı görəndə çox sevindim.

Əsas hədəfim Massaçusets Texnologiya İnstitutu idi. Çünki orada texnologiya elminin tədrisi çox güclüdür. Mən də kompüter elmləri, riyaziyyat üzrə təhsil almaq istəyirdim. Bu qərarı verməyimdə atamın məsləhətini də vurğulamalıyam. Həm bu qərarda, həm də mənim riyaziyyata yönəlməyimdə atamın böyük rolu var. Atam özü riyaziyyatçı alimdir ”, – deyə Fidan Qarayeva bildirib.

Onun sözlərinə görə, o, qardaşı və bacısı Meksikada doğulublar: “7-ci sinfə qədər Meksikada oxumuşam, daha sonra anamla Bakıya gəldik, atam hazırda da orada yaşayır, bura tətil zamanı gəlir”.

“Mən heç vaxt həvəsdən düşməmişəm. Həmişə irəli getmişəm. Hamıya demək istəyirəm ki, həvəsdən düşməsinlər, sona qədər getsinlər”, – tələbə əlavə edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx