Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biri olan “Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb. Bu barədə fevralın 10-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi səhifəsində məlumat verilib.
Tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib. Həmçinin gəminin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Təmir başa çatdıqdan sonra tanker sınaq yoxlanışından uğurla keçib və yenidən xam neftin daşınmasına başlayıb.
Qeyd edək ki, “Şah İsmayıl Xətai” gəmisinin uzunluğu 150 metrə yaxın, eni isə 17 metrdən çoxdur. Tankerin yükgötürmə qabiliyyəti 14 min tona yaxındır.