Narkotik satışı ilə məşğul olan 15 nəfər saxlanılıb

Azərbaycanda avqustun 26-da narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 nəfər saxlanılıb. Onların üzərində ümumi 65 kiloqrama yaxın narkotik və psixotrop maddələr aşkar olunub. Bu barədə DİN məlumat verib.

Badamdar qəsəbəsində 975 kiloqram çətənə kolu və 50 kiloqram marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduğunu etiraf edib.

Sərhədyanı ərazilərdən Bakıya narkotik gətirən dörd nəfərdən ümumi çəkisi 13 kiloqramdan çox heroin, onlayn satış zamanı istifadə edilən bank kartı, tiryək, metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib.

Şübhəli bilinənlərdən biri əvvəllər məhkum olunub. O, narkotik maddələrin satışı zamanı “Ataş” ləqəbindən istifadə edib.

Nəsimi, Yasamal, Xətai, Nizami rayonları və Sumqayıt şəhərində sosial şəbəkələrdə təbliğ edərək narkotik vasitələrin satışını təşkil edən beş nəfər saxlanılıb. Onların üzərindən ümumi bir kiloqrama yaxın heroin, metamfetamin, marixuana və bir ədəd elektron tərəzi aşkar edilib.

Gəncədə və Lənkəranda da dörd nəfərdən heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

DİN-in məlumatına əsasən, ötən il Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı beş mindən çox cinayət hadisəsi qeydə alınıb. Bu, ölkədə baş vermiş qanunsuz əməllərin 20%-ni təşkil edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Narkotik satışı ilə məşğul olan 15 nəfər saxlanılıb”

Tövsiyə xəbərlər