TÖVSİYƏ XƏBƏRLƏR

“Nəsimi” obrazını canlandıran Rasim Balayevin ad günüdür

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.

O, 1954-1965-ci illərdə Ağsu şəhərindəki məktəbdə oxuyub. Daha sonra Balayev indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. O, bu təhsil müəssisəsində Mehdi Məmmədov, Müxlis Cənizadə, Rza Təhmasib, Ələmdar Quluzadə kimi görkəmli sənətkarlardan aktyorluq peşəsini öyrənib.

Tələbə olarkən Rasim Balayevə dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesində Həsənzadə rolu verilib. Daha sonra isə sənətkar F.Şillerin “Qaçaqlar” əsərində Karl Moor, C.Cabbarlının “Almaz” pyesində Hacı Əhməd, H.Cavidin “Azər” poemasında Şeyx rollarını canlandırıb.

Rasim Balayevin ən tanınmış obrazlarından biri Nəsimi obrazı olub. Kinorejissor Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” filmi Bakıda keçirilən Ümumittifaq Kino Festivalında ən yaxşı tarixi film seçilib. Məhz bu filmə görə Balayev “Pravda” qəzetində Beynəxalq kino festivalının kəşfi kimi qeyd olunub.

Aktyor, həmçinin “Babək”, “Dədə Qorqud”, “Qaçaq Nəbi”, “Göz qabağında şeytan”, “Otel otağı” və digər filmlərdə müxtəlif obrazlar yaradıb. Rasim Balayev 160-dan artıq filmdə rol alıb. O, Türkmənistan, Almaniya, Türkiyə, Tacikistan, İran, Rusiya və digər ölkələrin filmlərində çəkilib.

1982-ci ildə Rasim Balayev Azərbaycan SSR Xalq artisti adına layiq görülüb. 7 avqust 1998-ci ildə o, “Şöhrət” ordeni ilə təltif edilib.

Balayev 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. O, 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Mənbələr: 

http://www.anl.az/down/meqale/525/2013/noyabr/336170.htm

http://actors.khv.ru/b/balaev.htm

https://oxu.az/culture/630626

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx