Naxçıvan Şəhər İcra Hakimiyyətində aparılan yoxlamalar zamanı 5 milyon manatdan artıq mənimsəmə aşkarlanıb. Bu barədə 18 sentyabr tarixində Report məlumat verib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti və onun tabeli təşkilatları üzrə dövlət vəsaitinin istifadəsinin auditi aparılıb. Audit 2021-2022-ci illəri əhatə edib və uyğunluq auditi formasında həyata keçirilib.
Nəticədə 1 792 167 manat məbləğində artıq və qanunsuz əməkhaqqı ödənilməsi, 564 407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2 955 000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.
Auditlə, həmçinin İcra Hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.
Auditin nəticələrinə dair müvafiq materiallar hüquq mühafizə orqanlarına göndərilib.