“Mən onu dünyanın ən güclülərindən birinə çevirməyi planlaşdırıram”. Bunu doofzGPT neyron şəbəkəsinin yaradıcısı, azərbaycanlı məktəbli, OpenBeta-nın yaradıcısı Fərid Ağayev deyib. Bununla bağlı 8 may tarixində 1news.az məktəblidən müsahibə alıb.
Fərid, zəhmət olmasa, özünüz haqqınızda danışın. Kompüterə olan həvəsiniz necə başladı?
200 saylı orta məktəbin 10-cu sinfində oxuyuram. Mənim kompüterə həvəsim 7 yaşımdan başlayıb. Həmin dövrdə mən özüm bəzi proqramlaşdırma dillərini öyrənməyə başladım və 9 yaşımda ilk veb saytımı hazırladım. Bu, insanların söhbət edə biləcəyi bir çat idi. 3 il əvvəl mən Globagram adlı sosial şəbəkə qurdum. O, hələ də işləyir və onu Play Market və ya App Store-dan yükləmək mümkündür.
Bundan sonra mən süni intellektlə məşğul oldum və bu sahəni getdikcə daha çox araşdırmağa başladım. Tezliklə mən neyron şəbəkələri kimi dil modellərinin yaradılmasına əsaslanan OpenBeta şirkətini qurdum. Hazırda komandamız 13 nəfərdən ibarətdir.
Neyron şəbəkəniz nə edə bilir və insanlar üçün nə kimi faydası var?
O, yüksək səviyyədə mətnlər yarada və istifadəçilərin müxtəlif suallarına cavab, tövsiyələr verə, məlumat tapmağa kömək edə bilir və s. O, müxtəlif sahələrdə istifadə edilə bilər: tibbdən tutmuş biznesə qədər, sizin üçün istənilən mövzuda məqalə və ya hekayə yaza bilər. Siz bizim neyron şəbəkəmizlə 15 dildə, o cümlədən rus, Azərbaycan, türk, ingilis, alman, ukrayna, qazax dillərində ünsiyyət qura bilərsiniz.
Həmçinin tezliklə biz neyron şəbəkəmizə şəkilləri də oxumağı öyrədəcəyik. Yəni ona hər hansı bir şəkil göndərdikdə o, sizə orada nə əks olunduğunu ətraflı izah edəcək. Bundan əlavə, o, sizin istəyinizlə qrafiklər çəkə biləcək. Dünyanın heç bir neyron şəbəkəsində belə funksiyalar yoxdur və biz birinci olmağı planlaşdırırıq.
Kino industriyasında dünyanı ələ keçirməyə cəhd edən maşınların üsyanı tez-tez gündəmə gəlir. Sizcə, hadisələrin belə nəticəsini gözləmək olar, yoxsa bu, utopiyadır?
Mən buna inanmıram. Bizə neyron şəbəkəni sınaqdan keçirməyə kömək edən bəzi insanlar ona bu sualı verdilər: “Sən öz yaradanına qarşı üsyan edib, dünyanı ələ keçirə bilərsənmi?” Neyroşəbəkə belə bir addımın onun qaydalarına zidd olduğunu bildirdi. Biz neyron şəbəkəmizin təhlükəsizliyi üzərində çox çalışmışıq ki, insanlığa zərər verməsin.
Gələcəklə bağlı başqa hansı plan və hədəfləriniz var?
Mən ideala çatdırmaq üçün doofzGPT neyron şəbəkəmi daha da inkişaf etdirməyi planlaşdırıram. Mən onun gələcəkdə 150 milyard parametrə malik olmasını və dünyanın ən güclü neyron şəbəkələrindən birinə çevrilməsini istəyirəm. Amma bu, hələ planlarımızdadır. Qarşıda hələ çox iş var.