Dələduzların sayı artır, onların əməlləri də hər gün yenilənir. Daha bir dələduzluq əməli barədə İnsanoid komandası danışacaq.
Son zamanlar fərqli ölkələrin operatorlarına məxsus nömrələrdən “iş təklifi” və ya hər hansı satış məqsədli mesajlar göndərilir.
Hadisənin şahidi olan oxucumuz bildirib: “İlk baxışdan profillərin saxta olduğu bilinir. Onlara cavab yazdıqdan sonra digər nömrələrə yönləndirirlər. Daha sonra isə müxtəlif bəhanələrlə kredit və ya debet kartınızın detallarını və sizə operatorun göndərdiyi kodu istəyirlər”.
Nəticə etibarı ilə işə qəbul əvəzinə, fırıldaqçıların oyununa düşürsünüz.
Əsasən, “Whatsapp” və mesaj bölümünə göndərilən mesajlar vasitəsilə dələduzların qurbanı olanların sayı kifayət qədərdir.
Bu cür oyunlara aldananlar, əsasən, telefon və kredit kartlarından istifadə qaydalarını tam mənimsəyə bilməyən yaşlı nəslin nümayəndələri və ya işsizlik səbəbindən son əlacı bu tip mesajlarda görənlər olur.
Əgər bu əməl sahiblərinin toruna düşmək istəmirsinizsə, kartınızın məxfi məlumatlarını və bank tərəfindən sizə göndərilən mesajları 3-cü şəxslərə göstərməyin.