Oktyabr ayında paytaxtımızda müxtəlif və maraqlı konsertlərə, tamaşalara, şənliklərə getmək olar. İnsanoid tədbirlərin bəziləri barədə araşdırma aparıb və sizə təqdim edir.
Ayın ilk günü – 1 oktyabr tarixində “Azersun Arena”da “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq. Oyuna saat 18:00-da start veriləcək. Futbol matçına biletlərin qiyməti 5 – 20 manatdır.
“Model” qrupunun solisti Fatma Turgut oktyabrın 1-i Elektra Events Hall-da olacaq. O, sonuncu dəfə Bakıda 2020-ci ildə çıxış edib. Biletlərin dəyəri 40 – 150 manatdır.
1 və 22 oktyabr tarixlərində uşaqlar üçün rus dilində “Ələddinin macəraları” adlı tamaşa nümayiş olunacaq. Tədbir Akademik Rus Dram Teatrında baş tutacaq. Biletlərin qiyməti 5 manatdır.
Oktyabrın 15-də türkiyəli ifaçı, bəstəkar, və rejissor Cem Adrianın konsertinin keçirilməsi planlaşdırılır. Proqram Bakı Konqres Mərkəzində baş tutacaq. Biletlərin qiyməti sıra və yerdən asılı olaraq, 15 – 190 manat arasında dəyişir.
Türk rok qrupu “Mor ve Ötesi” oktyabrın 21-də Bakı Konqres Mərkəzində sevənləri ilə görüşəcək. Konsert saat 20:00-da başlayacaq. Biletləri 15 – 190 manata almaq olar.
Teatr və tamaşalara üstünlük verənlər oktyabrın 23-də “Min bir gecə” baletinə gedə bilərlər. Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təşkil ediləcək. Hazırda qiyməti 13 – 16 manat olan biletlər satışda var.
Oktyabrın 25-də SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubiley gecəsi olacaq. Heydər Əliyev Sarayındakı musiqili gecədə iştirak etmək üçün 20 – 280 manata biletlər almaq mümkündür.
Xalq artisti, Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə oktyabrın 30-da Bakı Konqres Mərkəzində çıxış edəcək. Biletlərin dəyəri 30 – 390 manat arasında dəyişir.
Qeyd edək ki, tamaşaçılarda COVID-19 pasportu və ya immun sertifikatı olmalıdır. Adıçəkilən tədbirlərdə iştirak etmək üçün biletləri iticket.az saytından əldə etmək olar.