Azərbaycanda 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə 19 may tarixində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat verib.
Mərkəz tərəfindən özəl tibb müəssisələrində planlaşdırılmış və plandankənar yoxlamalar keçirilir.
Bu ilin I rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 38 müəssisədə nöqsanlar aşkarlanıb. Digər 28 özəl müəssisədə isə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması mümkün olmayıb, 11 müəssisədə isə heç bir nöqsan aşkarlanmayıb.
Eyni zamanda plandankənar yoxlamaların nəzərdə tutulduğu 33 müəssisənin 28-də yoxlamalar aparılıb. Nəticədə 8 müəssisədə nöqsanlar aşkarlanıb.
Aparılan monitorinqlərin nəticəsində 52 protokol tərtib edilib və icraata göndərilib.