Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov axtarışa verilib. Bu haqda mayın 14-də Qafqazinfo məlumat yayıb.
Səfər İmanov 2012-ci ildə vəzifəsindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. O, Kərimovu aldadaraq onun 170 min ABŞ dollarını mənimsəyib. Sabiq aparat rəhbəri bu işi Komitənin keçmiş sədri Hicran Hüseynovanın vasitəçiliyi ilə gördüyünü deyib.
Həmin il yayılan iddialara görə, Eynur Kərimov dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb. Daha sonra Səfər İmanov ölkədən qaçıb.
Səfər İmanov Eynur Kərimovdan 170 min dolları alan zaman ona qəbz verib. Qəbzdə Hicran Hüseynovanın da adı qeyd olunub.
Səfər İmanovun barəsində Cinayət Məcəlləsinin 178.3.2, 324, 312.1-ci maddələri ilə axtarış elan edilib.