Cari ilin məhsulu üçün Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən taxıl əkinlərində zərərli orqanizmlərə qarşı fitosanitar mübarizə tədbirləri keçirilir. Bu barədə 14 mart tarixində Kənd Təsərrüfati Nazirliyi məlumat verib.
Məlumata əsasən, 2021-ci ilin sentyabr ayından bu günədək Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı ümumilikdə 187 174 hektar ərazidə mübarizə tədbirləri həyata keçirilib.
Qeyd olunub ki, siçanabənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Siçanabənzər gəmiricilərin artıb çoxalması üçün optimal temperatur 10-25°C-dir. Zərərvericinin sıxlığı iqtisadi ziyanlı həddə çatarsa, kimyəvi mübarizə üsulundan istifadə edilir.
Fermerlərə tövsiyə olunur ki, zərərli orqanizmlərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət etsinlər.