Paytaxt sakinindən 10 kq yaxın narkotik aşkar edilib

Bakıda keçirilən əməliyyatlar nəticəsində 10 kiloqrama yaxın narkotik, 280 ədəd metadon və preqabalin həbi dövriyyədən çıxarılıb. Bu barədə DİN sentyabrın 13-də məlumat yayıb.

Paytaxt sakini Oktay Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evə baxış keçirilib. Nəticədə ordan 7 kiloqram 559 qram heroin, 2 kiloqram 205 qram metamfetamin, 110 ədəd güclü təsiredici preqabalin və 170 ədəd metadon həbi aşkar edilib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Oqtay Cəfərov xarici narkotacirlə əməkdaşlıq edərək narkokuryerliyə cəlb edilib. O, narkotikləri Cəlilabad rayonu ərazisində əldə edib. Cəfərov narkotik vasitə və psixotrop maddələrin Bakıda hissə-hissə satışını təşkil etməli idi.

Faktla bağlı cinayət işi başlanılıb.

DİN-in məlumatına görə, 2021-ci ilin yanvar – iyun ayları ərzində ölkədə 15 minə yaxın cinayət hadisəsi qeydə alınıb. Onlardan 4 mindən çoxu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Paytaxt sakinindən 10 kq yaxın narkotik aşkar edilib”

Tövsiyə xəbərlər