Peyvəndə görə məktəbə buraxılmayan müəllimlər maaş alacaq?

Cari tədris ilindən ənənəvi dərslər bərpa olunacaq, lakin COVID-19 əleyhinə peyvənd olunmayan müəllimlər məktəbə buraxılmayacaq. Əmək Məcəlləsinə əsasən, işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Bunu vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəsmisi Sahib Məmmədov sentyabrın 16-da Sputnik Azərbaycan-a bildirib.

Sahib Məmmədov qeyd edib ki, müəssisə rəhbərinin əmri ilə peyvənd olunmayan müəllimlər işdən kənarlaşdırıla bilər. Həmin vaxt ərzində işçiyə əmək haqqı ödənilməyəcək. İşdən kənarlaşdırma səbəbi aradan qalxan andan işçi əmək funksiyalarını davam etdirə bilər.

Üzrlü səbəb olmadan vaksin qəbul etməyənlərin, immunitet sertifikatı və ya əks göstəriş arayışı olmayanların işdən kənarlaşdırılması əmək qanunvericiliyində əks olunmayıb. “Mahiyyət budur ki, tibbi müayinədən keçməyən işçidə iş zamanı özü və başqaları üçün təhlükə yaradan xəstəlik varsa, o işləyə bilməz”, – deyə mütəxəssis vurğulayıb.

Təhsil Nazirliyinin sentyabrın 9-da yaydığı məlumata görə, COVID-19 pasportu və əks göstəriş sertifikatı olmayan müəllimlər ali və ya orta təhsil müəssisələrinə buraxılmayacaqlar. Hazırda təhsil işçilərinin 80%-dən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib.

22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Həmçinin ali təhsil müəssisələri sentyabrın 29-da açılacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Peyvəndə görə məktəbə buraxılmayan müəllimlər maaş alacaq?”

Tövsiyə xəbərlər