Polis Akademiyasına kursant qəbulu başlayıb

Polis Akademiyasına kursant qəbulu başlayıb

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına Hüquqşünaslıq ixtisası üzrə əyani təhsil üçün 300 kursantın qəbulu üçün müsabiqə elan edilib. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 21 yanvar tarixində xəbər verir.

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilərlər.

Belə ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar müsabiqəyə buraxılmırlar.

Sənədlərin qəbulu 2023-cü il yanvar ayının 23-dən mart ayının 4-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin oxuduğu təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd;

– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

–oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-98-16.

Abituriyentlərin fiziki hazırlıq üzrə verəcəkləri minimal normativlər aşağıdakılardır:

– turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar – 8 dəfə;

– qaçış 100 metr məsafəyə – 15 saniyə, 1000 metr məsafəyə – 4 dəqiqə;

– qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə;

– arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə;

Fiziki hazırlıq normativlərini ödəyə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılırlar.

Polis Akademiyasında tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunular.

Məzunlar Hüquqşünaslıq ixtisası, polis leytenantı xüsusi və ehtiyatda olan leytenant hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Polis Akademiyası və sənəd qəbulu haqqında ətraflı məlumatlar akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx