Bərdədə polisin əlindəki bort-kompüteri alaraq qaçmağa cəhd edən sürücünün işi prokurorluğa göndərilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, mayın 25-də məlumat verir.
Rayon ərazisində polisin əlindən bort-kompüteri alaraq qaçmağa cəhd göstərən Telman Həsənovun barəsində rayon polis şöbəsində toplanmış materiallara müvafiq qaydada baxılması üçün rayon prokurorluğuna göndərilib.
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma və durmanı qadağan edən nişanın tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış “QAZ-24” markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edilib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq, onun əlindəki bort-kompüteri alıb qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort-kompüter geri alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort-kompüteri polis əməkdaşının əlindən alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.