Praqa şəhərinin məşhur Vatslav meydanında Ermənistanın ölkəmizə qarşı apardığı mina terrorizmi ilə əlaqədar sərgi-aksiya keçirilib. Bu barədə 23 sentyabr tarixində APA xəbər verib.
Aksiya “Elson Grand” təşkilatının üzvü Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutub.
Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “44 gün… Qəhrəmanlar Azərbaycan naminə canlarını fəda etdilər” yazılmış poster, “Ermənistan, torpaqlarımızı minalama!”, “Erməni minaları = müharibə cinayətləri”, “Erməni terrorizmi minalarla davam edir”, “Erməni terrorizminə son!”, “Mina basdırma, ağac ək!” şüarları əks olunmuş plakatlar nümayiş etdirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə şamlar yandırılıb.
Aksiya-sərgi yerli sakinlərin böyük marağına səbəb olub. Sərgi-aksiyanın fotolarını çəkən şəhər sakinlərinə Ermənistanın ölkəmizə qarşı yürütdüyü mina terroru, rəsmi İrəvanın beynəlxalq humanitar konvensiyalarına zidd olaraq, dəqiq mina xəritələrini Azərbaycana təqdim etmədiyi, mina təhlükəsinin Qarabağda məcburi köçkünlərin doğma yurdlarına qayıdışına əngəl olduğu, Ermənistanın hərbi təxribatları səbəbindən Azərbaycanın mülki vətəndaşlarının və hərbçilərinin mina qurbanlarına çevrilməsi, bu təhlükənin aradan qaldırılması, separatçıları sülhə vadar etmək naminə Azərbaycanın birgünlük antiterror tədbirləri həyata keçirdiyi barədə ətraflı məlumat verilib.
Aksiyanın gedişində bir neçə erməni qadının təxribat və səs-küy salmaq cəhdi uğursuzluqla nəticələnib. Onların əsassız iddiaları faktlarla alt-üst edilib. Bunu gözləməyən erməni qadınlar aksiya yerindən uzaqlaşıblar.