“Ötən il Azərbaycanın iqtisadi artımı 5%-dən çox olub. Qeyri-neft iqtisadiyyatı isə 7,2% artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”. Bunu 12 yanvar tarixində Prezident İlham Əliyev televiziya kanallarına müsahibə verərkən bildirib.
Ölkə başçısı qeyd edib ki, 2021-ci ildə Azərbaycanın sənaye istehsalında 5%-dən çox, qeyri-neft sənayesində isə 20%-ə yaxın artım müşahidə olunub: “Bu, dünya miqyasında, bəlkə də, ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir”.
“Azərbaycan, bəlkə də, nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur”, – deyə İlham Əliyev vurğulayıb.
Həmçinin ölkə rəhbəri müsahibəsində qeyri-neft ixracından da danışıb: “Qeyri-neft ixracımız 40%-dən çox artıb. Bu imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək”.
İlham Əliyev onu da qeyd edib ki, 2022-ci ilin büdcəsi tarixdə ən böyük büdcə olacaq və büdcə xərcləri təxminən 30 milyard manata çatacaq.