Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib. Bu barədə 29 may tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğuladı.
Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd etdi.