Azərbaycana psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxslərin daşınması üçün xüsusi təcili tibbi yardım avtomobilləri gətirilib. Bu barədə 11 noyabr tarixində Report İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verib.
Bu tip avtomobillərin sayı 3 ədəddir. Psixiatrik təcili tibbi yardım avtomobillərinin arxa salonu kilidli kəməri olan 2 üzbəüz kreslo, arxa şüşələr və salon arakəsmə dəmir barmaqlıqları, həmçinin orta salon 4 yerlik (3 nəfər tibbi personal, 1 nəfər xəstəni müşayiət edən) oturacaq ilə təchiz olunub.
“Agentlik yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş ümumilikdə 100 ədəd təcili tibbi yardım avtomobilini satın alıb. Bura 66 ədəd sadə differensiallı, 10 ədəd perinatal küvəzlə təchiz olunmuş, 20 ədəd reanimobil, 1 ədəd portativ rentgen aparatlı və 3 ədəd psixiatrik təcili tibbi yardım avtomobilləri daxildir”, – deyə agentlikdən bildirilib.