Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həkimlər arasında dava düşüb. Bu barədə 16 noyabr tarixində Oxu.az məlumat verib.
Hadisə xəstəxananın ailə-sağlamlıq mərkəzində stomatoloqlar arasında baş verib.
Səxavət həkim istintaq izahatında bildirib ki, o, sentyabrın 17-də həmkarı tərəfindən həm döyülüb, həm də təhqir olunub. Zərərçəkmiş deyib ki, həmin gün səhər saat 09:30-da tanımadığı bir xəstə rentgen plyonkasından narazılıq edib. Xəstədən harada rentgen olunduğunu soruşanda stomatoloji bölmədə fəaliyyət göstərən Xalis həkim tərəfindən edildiyini bildirib.
Səxavət məsələni aydınlaşdırmaq üçün Xalisin otağına tərəf gedib. Həkimin sözlərinə görə, dəhlizə çıxdıqda Xalis sanki onu gözləyirmiş kimi, “ə, bu nə dişdir, düzəldirsən?” deyə söz atıb. Daha sonra Xalis Vüsal həkimi otağa çağırıb. Bundan sonra onlar arasında mübahisə yaranıb. Ardınca Vüsal həkim Səxavətin sifətinə zərbə endirib və sonuncu huşunu itirib. Səxavət həkim özünə gəldikdən sonra otaqdan çıxmaq istəyərkən Vüsal onun xalatından yapışaraq, “çoxdandır, sənin çənəni çıxarmaq istəyirdim” deyib və yenidən sifətinə zərbə endirib.
Bunlar baş verdikdən sonra Səxavət həkim Vüsalla bağlı polisə şikayət edib.
Faktla bağlı cinayət işi açılıb.