TÖVSİYƏ XƏBƏRLƏR

Qəbələdə sel suları rayonun yol infrastrukturuna ziyan vurub

Qəbələdə güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Bu barədə 8 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qaraməryəm-İsmayıllı-Şəki (65-85 km-lik hissəsi), Yemişanlı–Uludaş, Həmzəli-Cığatelli, Xırxatala, Qəbələ-Bum-Qəmərvan avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması, ağacların yollara aşması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borular sıradan çıxıb.

Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəyib.

Rayon ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini də yuyaraq sıradan çıxarıb.

Yaranmış problemlərlə bağlı Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Qısa müddət ərzində Dəmiraparançayın sol sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.

Sözügedən ərazilər nəzarətdə saxlanılır və yolların bərpası istiqamətində aparılan işlər davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx