Qadına qarşı zorakılıq: ilin birinci yarımilliyi ərzində 33 qadın öldürülüb

Bu ilin birinci yarımilliyi ərzində qeydə alınmış adam öldürmə cinayətləri nəticəsində 33 qadın qətlə yetirilib. Bu barədə Baş Prokurorluq avqustun 12-də məlumat yayıb.

Məişət zorakılığının qurbanlarından biri 23 yaşlı Sevinc Məhərrəmovadır. O, əri 42 yaşlı Füzuli Qarayev tərəfindən zənglərə cavab verməməsi səbəbindən avqustun 3-də öldürülüb.

Mart ayında Sevinc qadın hüquqları fəalları ilə əlaqə yaradıb. Sosial şəbəkələrdə onun döyülmə izləri ilə şəkilləri yayılmışdır. Qadın rəsmi qurumlara da müraciət edib, lakin onlar Sevinci yoldaşı ilə barışdırmağa çalışıb. Nəticədə qadın 23 yaşında əri tərəfindən qətlə yetirilib.

Həmin gün, avqustun 3-də digər qadının qətli ilə bağlı iş məhkəməyə verilib. Sabunçu Rayon Məhkəməsində hakim vəzifəsində çalışan Fəqan Əhmədov həyat yoldaşını ov tüfəngi ilə öldürməkdə təqsirləndirilir.

2021-ci ilin may ayında isə 18 yaşlı qız dayısı tərəfindən qətlə yetirilib. Dayı bacısı qızının “Tiktok”da yayılan videolarını görüb və buna görə aralarında söz-söhbət baş verib. Nəticədə o, Fatimə Məmmədovanı boğaraq öldürüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ildə 196 nəfər, 2020-ci ilin birinci rübündə isə 54 nəfər məişət zorakılığının qurbanı olub.

Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Qadına qarşı zorakılıq: ilin birinci yarımilliyi ərzində 33 qadın öldürülüb”

Tövsiyə xəbərlər