İslami mənbələrə görə, Qədr gecəsi Quranın nazil olduğu gecədir. İnsanoid komandası olaraq, Qədr gecələrində hansı əməllərin tövsiyə olunduğunu araşdırdıq.
Bu Ramazanda qədr gecələri aprelin 9, 11, 13 və 17-nə təsadüf edəcək
Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq qalmaq hədislərdə tövsiyə edilib. Belə ki, Qurani-Kərimdə buyurulur:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)
Buna ərəb dilində “əhya” deyirlər (xalq arasında Qədr gecələrini “əhya gecələri” adlandırırlar).
Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir.
Bu gecəni ibadətlə, dua ilə, savab işlər görməklə keçirmək əsas şərtdir. Qədr gecələrində istənilən qədər namaz qılmaq və dua oxumaq olar. Hər kəs bacarığına və istəyinə uyğun olaraq, öz ibadət proqramını təşkil etməkdə azaddır.
Qədr gecələrində yerinə yetirilməsi tövsiyə edilən əməllər:
- Qədr gecələrində qüsl almaq (məğrib azanından qabaq olması daha yaxşıdır);
- Səhərə qədər məsciddə ibadət etmək (Əhya saxlamaq);
- İki rükət namaz qılıb, hər rükətdə “Fatihə” surəsindən sonra 7 dəfə “İxlas” surəsini oxumaq və axırda 70 dəfə istiğfar etmək (“Əstəğfirüllahə və ətubü ileyh”);
- Qurani-kərimi açıq vəziyyətdə öz qarşısına qoyub bu duanı oxumaq da müstəhəb sayılır: “Allahümmə inni əsəlükə bi-kitabikəl-münzəli və ma fih. Və fih-ismükəl-əkbərü və əsmaükəl-hüsna və ma yüxafü və ma yürca. Ən təcələni min ütəqaikə minən-nar”. Tərcüməsi: “İlahi, endirdiyin kitaba (Qurana) və onun içindəkilərə, Quranın içindəki ən böyük adına, ən gözəl adlarına, qorxmalı və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından bağışladığın adamlardan biri edəsən”. Bu dua bitdikdən sonra hər kəs öz dualarını edə bilər;
- Quranı qaldırıb baş üzərində tutur və bu duanı oxuyurlar: “Allahümmə bi-həqqi hazəl-Quran. Və bi-həqqi mən ərsəltəhü bih. Və bi-həqqi külli möminin mədəhtəhü fih. Və bi-həqqikə əleyhim. Fəla əhədə ərəfü bihəqqikə minkə”. Tərcüməsi: “İlahi, səni and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına. Səni and verirəm Sənin onlar üzərində olan haqqına. Sənin haqqını Səndən daha yaxşı heç kim bilməz”. Sonra aşağıdakı sözlərin hərəsini 10 dəfə demək lazımdır: “Bikə ya Allah”, “bi-Mühəmməd”, “bi-Əliyy”, “bi-Fatimə”, “bil-Həsən”, “bil-Hüseyn”, “bi-Əliyy ibnil-Hüseyn”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Cəfər ibni Mühəmməd”, “bi-Musəbni Cəfər”, “bi Əliyy ibni Musa”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Əliyy ibni Mühəmməd”, “bil-Həsən ibni Əliyy” və “bil-Hüccə”. Bundan sonra hər kəs ürəyində bir niyyət tutub, onun həyata keçməsini Allahdan istəməlidr;
- Ramazanın 19-cu gecəsində (İmam Əlinin yaralandığı gecədə) həzrətin qatilinə bu sözlərlə 100 dəfə lənət göndərmək buyurulur:”Allahümməl-ən qətələtə əmiril-möminin” (“İlahi, möminlərin əmirini öldürənə lənət et”).
Ümumiyyətlə, Qədr gecələrində edilən duaların daha tez müstəcəb olduğu barədə rəvayətlər çoxdur.
Bu gecələrdə təkcə oruc tutub namaz qılanlar yox, hamı ibadət edə bilər. Bunun üçün xüsusi məhdudiyyət yoxdur.