Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qarabağ” (Ağdam, Azərbaycan) və “Qalatasaray” (İstanbul, Türkiyə) futbol klubları arasında mart ayının 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna marağı nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə 25 mart tarixində qurum məlumat verib.
Matçın başlanması ərəfəsində arenanın yaxınlığında yerləşən “Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə keçiriləcək. Axşam saatlarına doğru növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Bildirilir ki, gün ərzində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində 2,5 dəqiqə intervalla təmin olunacaq. Xətlərin “28 May” stansiyasında birləşməsi səbəbilə buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində interval 2 dəfə çox olacaq. Bununla belə sərnişin sıxlığı yaranacağı təqdirdə müvafiq tənzimləmə məqsədilə xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.