Son 2 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib. Bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında bildirib.
Bu barədə 30 yanvar tarixində Report məlumat verib.
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını xatırladan kollegiyanın sədri qeyd edib ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb: “Bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60%-dən çox artırılıb. Ümumilikdə iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”.
Qeyd edək ki, 2023-cü ildə Qarabağın bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.