Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Qubada ölkədə ikinci dəfə keçirilən Peşələr Festivalına start verib. Bu barədə Report 28 oktyabr tarixində xəbər verib.
Bu dəfə 10 rayon və şəhərdə “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcəklər.
Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.
Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqlarının təmiri, yardım masası, dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.
Növbəti festival oktyabrın 30-da İsmayıllı rayonunda keçiriləcək.
