Qubadlı rayonunda, Gorus-Qafan yolunun üzərində SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Məntəqə rayonun Eyvazlı kəndinin ərazisində yerləşir. Bu haqda noyabrın 26-da Dövlət Neft Şirkətinin rəsmisi İbrahim Əhmədov məlumat verib.
Onun sözlərinə əsasən, məntəqə özünə xidmət üsulu ilə işləyəcək: “Müştərilər burada quraşdırılmış terminala ödəniş etdikdən sonra avtomobillərinə özləri yanacaq dolduracaqlar”.
Məntəqədə “A-95” premium, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək.
Beləliklə, Qarabağ bölgəsində yanacaqdoldurma məntəqələrinin sayı üçə çatıb. Daha əvvəl məntəqələr Şuşa və Ağdam rayonlarında inşa edilmişdir.