İslam aləmində 28 və 29 iyun tarixlərində Qurban bayramı qeyd olunur. Qurban kəsimi ilə bağlı hər birimizdə müəyyən suallar yarana bilir. Bununla bağlı İnsanoid komandası araşdırma aparıb. Qurban kəsimi ilə bağlı ən çox rast gəlinən sualları və onlara cavabları sizlərə təqdim edirik:
Qurban kəsmək kimlərə vacibdir və kimlər qurban kəsə bilməz?
Qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.
Allah yolunda hansı heyvanları qurban kəsmək olar?
Yalnız dəvə, qoyun, keçi, qoç və inək cinslərindən olan heyvanları qurban kəsmək olar. Kəsilən dəvənin 5 yaşdan, qoyunun (keçi) 7 aydan, inəyin isə 2 yaşdan yuxarı olması vacibdir. Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır.
Krediti və ya digər borcu olan şəxslərin qurban kəsməsi vacibdirmi?
Kimin maddi imkanı çatırsa, qurban kəsə bilər. Lakin kiminsə borcu varsa, bu zaman bəzi məsələləri nəzərə almaq lazımdır. Belə ki, borc sahibi həmin şəxsi sıxmır, onu çətinliyə salmırsa, bu zaman borclu qurban kəsə bilər. Yəni borcu olan şəxsin qurban kəsməsi haram deyil. Amma borc sahibi pulunu tələb edirsə, bu zaman həmin şəxs mütləq borcunu qaytarmalıdır. Bu səbəbdən qurban kəsməsi vacib deyil.
Kəsilən heyvanın erkək olması şərtdirmi? Dişi heyvanı qurban kəsmək olarmı?
Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvürlər, yəqin ki, ilk növbədə Həzrət İsmayılın (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.
Kəsilən heyvandan əldə olunan ət neçə hissəyə bölünməli və kimlərə paylanılmalıdır?
Qurbanlıq sahibi əti üç hissəyə bölüb, birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır.
Qurban yalnız Qurban bayramı günü kəsilməlidir?
Qurban bayramın birinci, ikinci və üçüncü günləri kəsilməlidir. Ancaq birinci günü kəsmək daha əfzəldir.
Şərikli halda qurban kəsmək olarmı?
Qoyun və keçini başqası ilə şərikli halda kəsmək olmaz və bu heyvanlar bir nəfərin tərəfindən qurban edilməlidir. Amma inək və dəvə qurbanında 7 nəfərə kimi adam şərik ola bilər.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günlərdir.