Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi tenderi ləğv edib

Rusiya Müdafiə Nazirliyinin Qarabağda müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar elan etdiyi tenderi ləğv edilib. Bu barədə sentyabrın 6-da Rusiyanın satınalmalara dair vahid portalının texniki dəstək xidmətindən bildiriblər.

“Satınalma sifarişçi tərəfindən ləğv olunsa da, bu barədə portalda yerləşdirilən məlumat silinmir. Silinməsi üçün ya məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır”, – deyə xidmətdən qeyd ediblər.

Bundan əvvəl, sözügedən portalda Rusiya Müdafiə Nazirliyinin tender elanında sülhməramlıların xidməti zonası kimi Azərbaycan yox, “Dağlıq Qarabağ Respublikası” göstərilib. Azərbaycan Xarici İşlər Nazirliyi bu haqda qonşu ölkəyə etirazını bildirmişdi.

Bu ritorika, Rusiya Müdafiə Nazirliyi tərəfindən Gürcüstanın bir hissəsi olan və beynəlxalq səviyyədə tanınmayan Cənubi Osetiya və Abxaziya ilə əlaqədar tenderdə də istifadə edilmişdir. Abxaziya və Cənubi Osetiya Respublikaları Rusiya tərəfindən 2008-ci ilin avqust ayında tanınıb.

Dağlıq Qarabağ ərazisi beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur və heç vaxt BMT-yə üzv dövlətlər tərəfindən tanınmayıb.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi tenderi ləğv edib”

Tövsiyə xəbərlər