Rusiya Dövlət Dumasının daha bir deputatı, Müdafiə komitəsi sədrinin müavini Aleksandr Şerinin məsuliyyətə cəlb olunması təklif edilir. Səbəb onun Rusiya KİV-ə müsahibəsində Azərbaycan və Yaponiyaya qarşı təxribat və təhdid xarakterli fikirlər səsləndirməsidir. Bununla bağlı Report-a Milli Məclisin deputatı, YAP-ın rəsmisi Cavid Osmanov bildirib.
Millət vəkilimiz 10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli Bəyanatdan danışıb: “Yaxşı olardı ki, həmin deputat təhdid dolu fikirlər səsləndirmək əvəzinə, Ermənistanın Rusiyaya qarşı hörmətsizliyini etiraf edərdi və sənədin 4-cü bəndinə diqqət yetirərdi”.
O bildirib ki, həmin bəndə əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağa erməni silahlı qüvvələrinin oradan çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Lakin indiyədək bu öhdəliklər yerinə yetirilməyib.
Bundan əvvəl, Rusiyanın digər deputatı Mixayıl Delyagin “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edib. O, ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün nüvə silahından istifadə olunması barədə çıxış edib.
Həmin şəxsə Azərbaycanda cinayət işi açılıb və o,İNTERPOL vasitəsilə beynəlxalq axtarışa verilib.