Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov avqustun 11-də üçüncü doza vaksin ilə bağlı açıqlama verib.
“Koronavirus əleyhinə vurulan iki doza vaksin ömürlük immunitet yaratmır. Ona görə də immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tövsiyə edilir”, – deyə baş infeksionist qeyd edib.
Onun sözlərinə görə, yeni ştamlardan qorunmaq üçün ilk növbədə səhiyyə işçilərinə, yaşlı şəxslərə və xroniki xəstəliyi olanlara üçüncü dozanı qəbul etmələri məsləhətdir.
Mütəxəssis həmçinin bildirib ki, bu məcburi hal deyil və burada heç bir iqtisadi maraq güdülməməlidir.
Azərbaycanda son sutkada koronavirus əleyhinə 59 288 vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 478 042 təşkil edir.