Sabahdan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb ediləcək. Bu barədə 31 yanvar tarixində Report məlumat verib.
Qeyd edək ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilmişdi.
Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, əmanətlərin 7 il gəlir vergisindən azad edilməsi banklara daha çox depozit cəlb edilməsinə imkan yaradıb. Onun sözlərinə görə, daha məqsədəuyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun.