Nərimanov Rayon Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən bloger Səbinə Kətanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bu barədə İnsanoid bu gün, 18 mart tarixində xəbər verir.
Blogerin özü İnstagram səhifəsində paylaşım edib.
Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə Səbinə Kətanova, Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Səbinə Kətanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə aradşırılır.
Növbəti proses aprelin 5-nə təyin edilib.
İttihama görə, 32 yaşlı Səbinə Kətanova 5 sentyabr 2021-ci il tarixində, saat 18:10 radələrində idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili ilə Nərimanov rayonu ərazisində yerləşən “Verona” mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Səbinə Röyal Çələbizadənin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib.
S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittihamı irəli sürülüb.