Azərbaycanda dövlət poliklinikalarında sağlamlıq haqqında arayış üçün 40 manat tələb olunur. Vətəndaşlardan tələb olunan 40 manat rüsumun nə dərəcədə qanuni olmasını BAKU.WS araşdırıb.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, vətəndaşlara həm ödənişli, həm də ödənişsiz arayış verilir:
“İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan arayışlar var. Bu arayışların alınması ödənişsizdir:
- 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi barədə arayış
- Hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə arayış
Xidmətlər Zərfinə daxil olmayan və ödənişli arayışlar isə bunlardır:
- Sürücülüyə yararlı olmaq barədə arayış – 40 manat (ƏDV daxil)
- Sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış və digər arayışlar – 40 manat (ƏDV daxil)
“Qanunvericiliyə uyğun olaraq, sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və sağlamlıq haqqında iş yerinə təqdim edilən arayışlar üçün rüsum 34 manat müəyyən olunub. Buraya əlavə dəyər vergisi də hesablandığından təxminən 40 manat civarında məbləğ formalaşır. Çünki tibb müəssisələri əlavə dəyər vergisi ödəyicisidir. Bununla yanaşı, bəzi hallarda, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün əlavə olaraq, ixtisaslı həkimlərin (məsələn, psixoloq, narkoloq) müayinəsi tələb olunur. Bu zaman məbləğ müayinələrdən asılı olaraq dəyişə bilər”, – Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov bildirib.