TÖVSİYƏ XƏBƏRLƏR

Sahibə Qafarova Fransa Milli Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb. Bu barədə 29 sentyabr tarixində Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə spiker Sahibə Qafarova Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edib. O deyib ki, Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir.

O, həmçinin Yael Braun-Pivetin 2023-cü ildə Ermənistana səfər etdiyini xatırladaraq deyib ki, əgər fransalı spiker Ermənistandan sonra Azərbaycana da səfər etsəydi, Azərbaycanın mövqeyi ilə də tanış olmaq üçün yaxşı fürsət əldə edə bilərdi.

O diqqətə çatdırıb ki, biz Fransanın 30 ildir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, şəhərlərimizi, kəndlərimizi, tarixi və mədəniyyət abidələrimizi dağıtmasını pislədiyinin şahidi olmamışıq. Fransa Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşmiş, Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün düşmüş 1 milyon azərbaycanlının hüquqlarından heç vaxt danışmayıb.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bütün təxribatlara cavab olaraq, Azərbaycan 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib. Bu zaman yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olub. Mülki əhali və obyektlər heç vaxt hədəfə alınmayıb və hərbçilərimiz mülki yaşayış məntəqələrinə daxil olmayıblar. Spikerin sözlərinə görə, Ermənistan baş naziri də Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmamasını və onlara qarşı kütləvi zorakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığını etiraf edib.

Sahibə Qafarova deyib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Onların bütün hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəlikləri çərçivəsində təmin ediləcək. Heç kim onları Qarabağdan getməyə məcbur etmir.

Spiker Sahibə Qafarova görüşdə Azərbaycanın Qarabağın bu ərazisində infrastrukturun bərpasına başladığını, həmçinin sakinlərə ərzaq, dərman, yanacaq daxil olmaqla humanitar yardım göndərdiyini, Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın və Ağdam yolları ilə yardımlar apardığını bildirib.