Sahibkarlara verilən güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə prosedurları sadələşdirilib. Bu barədə 2 sentyabr tarixində İqtisadiyyat Nazirliyinin rəsmi saytında məlumat verilib.
Dəyişikliklərə əsasən, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib. Həmçinin ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb.
Sahibkarların şikayətlərini nəzərə alaraq, Sahibkarlığın İnkişafı Fonduna kreditlər üzrə müraciət zamanı tələb olunan sənəd sayı azaldılıb. Artıq kredit əldə etmək istəyən fiziki və hüquqi şəxslər 10-12 sənəd əvəzinə 6 sənəd təqdim edəcəklər.
Daha bir yenilik ondan ibarətdir ki, bundan sonra sənədlərin notarial təsdiqinə ehtiyac qalmayacaq.
Ən vacib dəyişikliklərdən biri odur ki, təqdim etdikləri sənədlərə 2 gün ərzində ekspertlər tərəfindən ilkin baxış keçiriləcək. Baxış zamanı hər hansı çatışmazlıq aşkar edilərsə, sahibkarın kredit üzrə müraciətinə imtina verilmədən sənədlər müvəkkil kredit təşkilatına geri qaytarılacaq.
Sadələşmə Planının tətbiqinə 2021-ci ilin 1 sentyabr tarixindən başlanılıb.