Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Abşeron rayonunda, Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Gəncə şəhərində daha 100 mənzil verilib. Bu barədə 19 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Bu gün Bakı və Gəncə şəhərlərində, Abşeron rayonunda təqdim edilən 100 mənzil də daxil olmaqla bu il 750, postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub.
Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. Müharibə ilə əlaqədar əlilliyi olanlara postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7 500-dən çox avtomobil verilib.